Hava Durumu
Anlık
Yarın
31° 34° 16°
AZƏRBAYCANIN QƏHRƏMAN QADIN VƏ QIZLARI DÖYÜŞLƏRDƏ -Zərəngiz DƏMİRÇİ QAYALI

Azərbaycan tarixi qəhrəman qadınlarımızın şücaəti ilə zəngindir. Onların arasında diplomatlar, hökmdarlar, hətta sərkərdələr, döyüşçülər də olmuşdur. Qəhrəmanlıq rəmzi kimi tarixə düşən Massaget hökmdarı Tomris İran şahı Kirin Azərbaycana hücumunun qarşısını almaq üçün ağıl və mətanət göstərmişdir.

Bərdə hökmdarı Nüşabə böyük fateh Makedoniyalı İsgəndərlə görüşmüş, öz müdrikliyi və dərin ağlı ilə onu sülhə çağırmış, dünya malı üçün qan tökməkdən çəkindirmişdir. XIII əsrin əvvəllərində Xarəzmşah Cəlaləddin Azərbaycana soxulanda Atabəylər dövlətinin sonuncu hökmdarı Müzəffərəddin Özbək Əlincə qalasına qaçmışdır. Onun Təbrizdə qalan arvadı Mehrican xatun 1225-ci ildə Təbrizli Şəmsəddinlə birlikdə Təbriz, Xoy, Naxçıvanın işğaldan azad olunmasında böyük hünər göstərmişdir.

Atabəy Şəmsəddin Eldəgizin xanımı, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın anası Möminə xatun ərinin və oğlanlarının hakimiyyətləri dövründə böyük siyasi nüfuza malik olmuşdur. Türk dünyasının igidi qoç Koroğlunun Nigar kimi xanımı və silahdaşı var idi. Qaçaq Nəbinin ömür-gün yoldaşı Həcər əlində silah 25 ildən artıq at belində qaçaq həyatı keçirmiş, kəndli hərəkatında birgə iştirak etmişdilər.

1776-cı ildə Dərbənd şəhərini idarə etmək Quba xanı Fətəli xanın arvadı Tuti Bikəyə tapşırılmışdır. O, ərinin döyüşdə öldürüldüyü haqda şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, 9 ay düşməni Dərbəndə buraxmamışdır.

Artiq bizi onbir illik zaman məsafəsi ayıran XX yüzillik həm dünya, həm də Azərbaycan tarixində qanlı müharibələr əsri kimi iz buraxmışdır.

22 iyun 1941-ci il, dünyanın yarısını öz ağuşuna alan II Dünya müharibəsinin yeni başlanğıcı. O zamanlar SSRİ-də bunun adını Böyük Vətən Müharibəsi qoymuşdular. Bu müharibədə 640 min azərbaycanlı iştirak etmişdir. 1941-ci ildən 1945-ci ilədək davam etmiş müharibədə təkçə Azərbaycandan 121 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Həmin qanlı müharibədə kişilərlə bərabər, qadınlarımız da böyük rəşadətlər göstərmiş, qələbənin təmin olunmasında canlarından, qanlarından keçmişlər.

II Dünya müharibəsində Azərbaycan tarixində, Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçı olan azərbaycanlı Leyla Məmmədbəyova aviasiya mayoru rütbəsinə yüksəlmişdir.. Ümumilikdə 6 uşaq anası olan Məmmədbəyovanın yetkinlik yaşına çatmamış 4 övladı olmasına görə Böyük Vətən müharibəsində iştirakına icazə verilməmiş, müharibə illərində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollamışdır. Tələbələri arasında 2 nəfər Sovet İttifaqı Qəhrəmanı adını almışdır.

Dürrə Məmmədova-Kosmodemyanskaya II Dünya müharibəsinin iştirakçısı, baş leytenant, “SSRİ tibb xidməti əlaçısı” olmuşdur. 1981-ci ildə “Azərbaycan SSR-in əməkdar səhiyyə işçisi” adını almışdır.

Digər həmyerlimiz – Sona Nuriyeva da ilk təyyarəçi qadınlardan biri olmuşdur. Bakı təyyarəçilər klubunda yetişmişdir. S. Nuriyeva 1945-ci ildən beynəlxalq hava xəttində (Almaniya, Bolqarıstan, Yuqoslaviya, Polşa və s.) qulluq etmiş, 1949-68-ci illərdə Zabrat aeroportunda işləmişdir. SSRİ Ali Sovetinin deputatı seçilmiş, orden və medallarla təltif edilmişdir.

Aliyə Fətulla qızı Rüstəmbəyova II Dünya müharibəsinin gedişində partizan hərəkatının iştirakçısı olmuşdur. Müharibənin ilk günlərindən Moskva, sonra Smolensk yaxınlığında tibb-sanitar batalyonunda xidmət etmişdir. 1941-də əsir düşmüş, 1942-ci ilin əvvəllərində əsirlikdən qaçmış, Smolensk meşələrində fəaliyyət göstərən “Deduşka” partizan dəstəsinə qoşulmuşdur. Tibb-sanitar batalyonunun rəisi kimi döyüşlərin birində həlak olmuşdur.

Züleyxa Seyidməmmədova kapitan rütbəli təyyarəçimiz olmuşdur. O, II Dünya müharibəsində qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini kimi 500-dən artıq döyüş uçuşu keçirmişdir. 1952-1975-ci illərdə Azərbaycan SSR ictimai təminat naziri, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Dövlət təltifləri vardır.

Müharibə illərində başqa bir qadın qəhrəmanımız gəmi kapitanı Şövkət Səlimova 1940-cı ildə Bakı Dənizçilik Məktəbini bitirmişdir. II Dünya müharibəsində Xəzər Dəniz Gəmiçiliyi İdarəsində kapitan müavini və kapitan işləmişdir. Müharibə dövründə dünya üzrə iki qadın gəmi kapitanından biri olmuşdur.

Qəhrəman Azərbaycan qızları Böyük Vətən müharibəsində alman faşizmi üzərində çalınmış Qələbəyə hərəsi öz töhfəsini vermişdir. Çünki onlar qədim qəhrəmanlıq ənənəsinə malik bir xalqın qızları idilər.

Bu qəhrəmanlıq salnaməmiz yenə də davam etdir. Xain qonşularımız olan erməni qəsbkarları 1988—ci ildən torpaqlarımıza təcavüz etməyə başladılar. Azğınlaşmış daşnak-rus hərbi birləşmələri Vətənimizi böyük bir təhkükəyə məruz qoydular. Rusiya, Livan, Fransa, Amerika kimi böyük dövlətlərdən aldıqları silah və güc bahasına (Qarabağ döyüşlərində ölənlər arasında çoxlu xarici vətəndaşlar aşkar edilmişdir) həyasız qonşularımız Azərbaycanı zorla müharibəyə təhrik etdilər. Torpaqlarımızın 20 faizdən çoxu işğal olundu. Bir milyon qaqçqın əzəli-əbədi oğuz yurdu olan Qərbi Azərbaycandan qovulub çıxarıldı. Yüz minlərlə əhalimiz doğma yurd-yuvasından didərgin salındı. BMT kimi beynəlxalq təşkilatın verdiyi 4 qətnamə (822, 853, 874, 884 saylı) cavabsız qaldı. Millətin, xalqın ən həssas düşüncə, ən kəsərli qeyrət yeri olan zəriflərimiz Vətən uğrunda ölüm-dirim mübarizəsinə qalxdılar. Bu cəngavər azərbaycan qızları öz isti yurd-yuvalarında otura bilmədilər. Vətən uğrunda döyüşlərə atıldılar və əbədiyyətə qovuşdular.

Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulmuşdur. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirmiş, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Sonralar jurnalist kimi fəaliyyət göstərmişdir. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya gedərkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında azğınlaşmış erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, oturduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulmuşdur. Nəticədə istedadlı jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı və ən nəhayət Azərbaycanın qeyrətli qızı Salatın Əsgərova amansızcasına qətlə yetirilmişdir. Oğlu Ceyhun anasız, valideynləri və xalqı Salatınsız qalmışdır. Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 nömrəli fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı şəhərində adına bir küçə verilmişdir. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur.Yaxınlığında həlak olduğu kənd Salatınkənd adlandırılmışdır.

Əsgərova Gültəkin Məlik qızı, 1960–cı il noyabrın 20-də Bakıda anadan olmuşdur. Dövlət Tibb Universitetini (Dövlət Tibb İnstitutu) bitirmişdir. Əmək fəaliyyətinə 8 nömrəli təcili tibbi yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji Kliniki Xəstəxanada işləmişdir. 1992-ci ilin aprelindən konüllü cəbhəyə yollanmış, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərmişdir. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə 1992-ci il iyulun 19-da gəhrəmancasına həlak olmuşdur. Ölümündən sonra, 1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Həlak olduğu yüksəkliyə, Xəzərin sularında üzən bir gəmiyə onun adı verilmişdir.

Qaratel Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. Bakı Ticarət Texnikumunu və İqtisad Universitetini (Dövlət Xalq Təsərrüfatı İnstitutu) bitirmişdir. Azərbaycan Neft Kəşfiyyatı İdarəsində çalışırdı. 1991-ci ildə Qazağa qayıtmış, könüllü ana torpağın müdafiəsinə qalxmışdır. 1993-cü ildə Aşağı Əskipara kəndində düşmən əlinə keçməmək üçün axırıncı gülləni özünə vurmuşdur. Ölümündən sonra Respublika Prezidentinin fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.

Vəfa Mansurova 1966-cı ildə Qazax rayonunun Daş Salahlı kəndində qulluqçu ailəsində anadan olmuşdur. Kənddəki 2 nömrəli orta məktəbi bitirmişdir. Arzusu tarixçi olmaq idi. Sənədlərini Bakı Dövlət Universitetinin tarix fakültəsinə təqdim etmişdi. Lakin Vəfa qəbul imtahanlarını verməyə deyil, həyat imtahanı verməyə – 1991-ci ildə könüllü cəbhəyə yollanmışdır. Özünün və silahdaşlarının (kəndin könüllü dəstələrinin) gərgin əməyi ilə qərargah yaratmış, kəndin ətrafına səngərlər qazdırmış, ermənilərlə sərhəddə gecə gözətçi növbələri yaratmışdır. Kənd ziyalılarının, ağsaqqallarının köməyi ilə kənddən ianə toplatdırmış, könüllü ordu üçün tank, top, qrad tipli silahlar, avtomatlar, silah, sursat əldə etmişdir. Onun və silahdaşlarının sayəsində düşmən sərhəddə yerləşən Daş Salahlı kəndinə yaxın düşə bilməmişdir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra, qanuni çağırışçıların səbəbinə sərhədlərdə möhkəm nəzarət yaradıldılmış, Vəfa “daha qorxu yoxdur!” – deyə doğma ocağına qayıtmışdır. Lakin amansız ölüm onu sıralarımızdan tez apardı! O, kənd qəbristanlığının qədim Qayalı nəslinin dəfn olunduğu hissəsində torpağa tapşırıldı. Çalacağımız qəti və son qələbəni görə bilmədi!

Mən inanıram, mən inanıram ki, biz mütləq bu mənfur düşməni yenəcəyik, işğal olunmuş 18 rayonumuzu, 20 faiz əzəli-əbədi topaqlarımızı azad edəcəyik və qələbə marşları yazacağıq! O, zaman bütün şəhidlərimizin, eləcə də canını Vətən yolunda fəda etmiş zəriflərimizin ruhu ağ göyərçinə dönüb, Vətən göylərində qələbə nəğməsi oxuyacaqlar, inşallah!

NOT: Bu makale, 2011 yılında açtığımız, " TÜRK DÜNYASINDA KADIN HAKLARI " Yarışmamıza katılmıştır. Yarışmaya yeterli sayıda katılım olmadığından, yarışma İPTAL edilmiştir. Yarışma koşulları gereği yazarın izni ile sitemizde yayımlanmaktadır. Diğer makalelerde burada sırası gelince yer verilecektir. www.altinmiras.com  ve yazar adı kaynak gösterilerek alıntı yapılabilir.

  
4282 kez okundu

Yorumlar

Mətndəki səhvə düzəliş etmək.     19/04/2016 20:35

Yazıda 1941-ci il 22 iyunda İkinci Dünya Müharibəsinin yenicə başlandığı göstərilir. İkinci Dünya Müharibəsi 1939-cu ul sentyabrın 1-d başlamış, 1945-ci il sentyabrın 2-də başa çatmışdır. Son illər KİV nümayəndələri, kitab, məqalə müəllifləri Böyük Vətən Müharibəsi ifadəsini də işlətməkdən çəkinir, hətta sanki qorxurlar. Hər bir tarixi hadisə öz adı ilə deyilməlidir. 1941-ci ildə bütün müttəfiq respublikalar Böyük Vətəni - SSRİ-ni müdafiəyə qalxmışdı. Stalinqrad döyüşünə Volqoqrad döyüşü, yaxud Leninqrad mühasirəsinə Sankt-Peterburq mühasirəsi deməliyik? Sovet İttifaqı Qəhrəmanı adını nəyə görə olduğu kimi ifadə edirik? Bəs onlar hansı müharibənin qəhrəmanlarıdırlar? Dilimizi yamsılamalardan qoruyaq! Qorumasaq, gələcək bunu bizə bağışlamaz!
Misafir -

     11/04/2013 11:00

Tesekkurlar, her sey ucun saq olun!
Misafir -

Saat
Takvim
Döviz Bilgileri
AlışSatış
Dolar5.68495.7077
Euro6.28036.3054